Məktəbimizin tarixi

Müasir Azərbaycan öz inkişafının yeni, sürətli bir dövrünü yaşayır. Qısa zaman kəsiyinə baxmayaraq, ölkəmiz bu dövrdə böyük bir inkişaf mərhələsi keçmiş, dünya birliyinə inteqrasiya istiqamətində ciddi addımlar atılmış, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının əsas istiqamətləri üzrə böyük nailiyyətlər əldə edilmiş, regionda siyasi və iqtisadi cəhətdən inkişaf edən öncül dövlətə çevrilmiş, iqtisadi artım templərinə görə dünyada lider mövqelərə çıxmışdır.

Bu gün ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı getdikcə güclənir, paytaxtımız Bakı isə gözəlləşir, abadlaşır, yeni binalar tikilir, parklar salınır, hər kəsin rahatlığı üçün əlverişli şərait yaradılır. Qeyd edək ki, ölkəmizdə aparılan quruculuq işlərilə yanaşı, dövlət başçısının müvafiq sərəncamları ilə tariximizi yaşadan, onu özündə əks etdirən tarixi və memarlıq abidələrimiz, 18-19-cu əsrlərdə xüsusi zövqlə, gözəl ornamentlərlə tikilmiş nəhəng binalarımız, tarixi yerlərimiz toxunulmaz halda qorunub saxlanılır, gələcək nəsillərə keçmişinə, tarixinə hörmət mənasında bir örnək yeri olur.
Şəhərimizin mərkəzində, İstiqlaliyyət küçəsində yerləşən, hər kəsin yaxşı tanıdığı və sevdiyi minlərlə insanın məzunu olduğu 132 və 134 nömrəli Təhsil Kompleksinin yerləşdiyi bina bu qəbildəndir. Bəlkə də, çoxları bu binanın tarixini bilmir. Amma binanın yaranma tarixinə nəzər saldıqda, çox maraqlı tarixçəyə söykənmiş oluruq. Belə ki, 1860-cı ildən başlayaraq Rusiyada “Müqəddəs Nina” adı ilə fəaliyyət göstərən qadın xeyriyyə cəmiyyəti çox böyük işlər görməyə başlamışdı. Həmin dövrün imperator xanımı Mariya Aleksandrovnanın himayəsi altında fəaliyyət göstərən bu cəmiyyətin 1861-ci ilin oktyabrında hərbi qubernator Tarxan Mouravovun təklifi ilə Bakıda ilk dəfə bölməsi açıldı.
1862-ci ildə bu cəmiyyətin nəzdində Bakıda ilk dəfə qızlar üçün təlim-tərbiyə müəssisəsinin (ilk qızlar məktəbi) əsası qoyuldu. Bu müəssisəyə qubernatorun həyat yoldaşı Baronessa rəhbərlik edirdi.O dövrdə məktəb şəhər ətrafında geniş bağ sahəsi olan bir ərazidə yerləşirdi. 1874-cü ildə “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin nəzdində fəaliyyət göstərən məktəb gimnaziya statusu aldı və Bakı qızlar gimnaziyası kimi fəaliyyətə başladı. 1886-cı ildə “Müqəddəs Nina” qızlar gimnaziyası İçərişəhərin qala divarlarına yaxın yerdə, əvvəllər xırman yeri olmuş bir sahədə ikimərtəbəli məktəb binası üçün tikintinin əsası qoyuldu. Həmin il oktyabr ayının 15-dən isə cəmiyyət öz fəaliyyətini ikimərtəbəli, geniş, hündür otaqları olan məktəb binasında davam etdirmişdi. Qeyd edək ki, bu məktəb binasının tikintisinin başa çatması üçün xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə, eyni zamanda bir neçə Bakı milyonçusu onunla bərabər böyük vəsait sərf etmişdilər.
1887-ci ildə Əlahəzrət III Aleksandrın öz ailəsi ilə birlikdə Bakıya, şəhərin mərkəzində duma binası ilə üzbəüz yerləşən “Müqəddəs Nina” qızlar gimnaziyasına gəlişi müəllimlər və şagirdlər üçün əsil bayrama çevrilmişdi. Gimnaziyanın qızları öz əlləri ilə tikdikləri bəzəkli süfrəni əlahəzrət IIIAleksandra hədiyyə etmişdilər. Həmin dövrdə gimnaziyada 150 qız təlim-tərbiyə alırdı.Qızlar üçün xüsusilə xarici dillərin tədrisi əsas istiqamət sayılırdı. Burada onlara fransız, alman,  dilləri öyrədilirdi. Lakin gimnaziya öz fəaliyyətini 1918-ci ilədək davam etdirə bildi. 1918-1920-ci illərdə ADR-in dövründə bu binada hərbi akademiya fəaliyyət göstərmişdir. Məşhur generallar S.Mehmandarov akademiyanın direktoru, Ə.Şıxlinski isə onun müavini vəzifəsində çalışmışdır.
Xeyli müddət keçdikdən sonra bu məşhur binada, 1933-1937-ci ıllərdə beynəlmiləl bir məktəb fəalliyyət göstərmişdir. Ancaq 1937-dən 2010-cu ilin sentyabr ayına qədər davamlı olaraq burada məşhur 132 (Azərbaycan) və 134 (rus) saylı orta məktəbləri fəaliyyət göstərmişdir.Lakin, 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı ilə bina əsaslı şəkildə yenidən quruldu və 132-134 nömrəli Təhsil Kompleksi adı ilə fəaliyyətini bu günə kimi uğurla davam etdirir. Çox sevindirici və fərəhli haldır ki, bu təhsil ocağının məşhur məzunları sırasında görkəmli şərqşünas alim Aida xanım İmanquliyeva, təyyarəçi, sovet ittifaqı qəhrəmanı Adil Quliyev, general Akim Abbasov, xalq artisti Leyla Bədirbəyli və digər görkəmli şəxsiyyətlərin adları həmişə fəxrlə çəkilir, yad olunurlar.
Ümummilli liderimiz Heydər Əliyevin hər zaman təhsilə göstərmiş olduğu diqqət və qayğı bu təhsil ocağına da böyük uğurlar gətirmiş, bir çox nailiyyətlər əldə olunmuşdur.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə 2007-ci ildə 134 saylı orta məktəbin nəzdində fransız təmayüllü Beynəlxalq Təhsil Kompleksi yaradılmışdır.
Məlumat üçün bildirək ki, məktəbimiz 1999-cu ildən YUNESKO-nun assosiativ məktəblər şəbəkəsinə daxildir.Hazırda Beynəlxalq Təhsil Kompleksi dünyanın bir neçə ölkəsi ilə Amerika, Fransa, Rusiya və Türkiyə ilə əməkdaşlıq layihələri üzərində çalışır. Respublikamızın əməkdar müəllimi adına layiq görülmüş, təcrübəli peşəkar müəllim, 132- 134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarovanın rəhbərlik etdiyi Təhsil Kompleksi uşaqların bilik və bacarıqlarının inkişaf etməsində mühüm rol oynayır.
Burada onlara xarici dillərin tədrisi ilə yanaşı, həmin ölkələrin təhsilinə uyğun təcrübələr də keçirilməkdədir. Son bir neçə ildə ölkəmizdə fəaliyyət göstərən orta məktəblərin, bağçaların, internat evlərinin əsaslı şəkildə yeniləşməsi, müasirləşməsi, bərpa etdirilməsində millət vəkili, Heydər Əliyev fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük əməyi vardır.
Həmçinin ölkə başçısının təhsilimizə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində ötən tədris illərində keçirilən “İlin ən yaxşı məktəbi” və “İlin ən yaxşı müəllimi” müsabiqəsində təhsil kompleksinin müəllimləri də iştirak etmiş və “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşlər.
Fransız təmayüllü Təhsil Kompleksinin məhz belə bir qədim binada yerləşməsi, həyata keçirilən layihələrin dəyərini daha da artırır və gələcəkdə xarici ölkələrlə təhsil mübadiləsi aparmaqda mühüm əhəmiyyət kəsb edir.





















Комментариев нет:

Отправить комментарий