Təhsil anlayışına müxtəlif təriflər, izahatlar, şərhlər verildiyini deyən 132-134 saylı Təhsil kompleksinin ibtidai sinif müəllimi Südabə Səfixanova bildirdi ki, təhsil - insanların keçmişini, bu gününü və gələcəyini bütöv halında birləşdirən, insan inkişafının əsası və birinci göstəricisi olan mükəmməl vasitədir: “Təhsilin inkişafında təhsil sistemlərinin aparıcı rolu var. Dünyada müxtəlif təhsil sistemləri var və bunların da özünəməxsus xüsusiyyətləri, qayda-qanunları var. Təhsil naziri Mikayıl Cabbarov 12 illik təhsil sistemi haqqında mətbuata açıqlamasında da təhsil sistemindəki bu modelin artıq dünya ölkələrində çoxdan tətbiq olunduğunu bildirib. Belə ki, Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin müddəti 14, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 ildir. ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin müddəti 12 ildir”. S.Səfixanova deyir ki, hər zamanın öz hökmü olduğu üçün dünyada təhsilin də standartları dəyişir: “Vaxt vardı standartlar geniş deyildi və müvafiq müddət nəzərdə tutulmuşdu. İndi isə dünyanın, az qala, yarıdan çoxu 12 illik təhsil sisteminə keçib. Bizim təhsil sistemini də bu modelə uyğunlaşdırmaq istəyirlər. Hesab edirəm 12 illik təhsilə keçid düzgündür və gec-tez öz yerini tapacaq. Bir məsələ var ki, dərsliklərin çoxu dəyişikliyə məruz qalmalıdır. Bu, ən azı yuxarı sinif dərsliklərinə aiddir. 12 illik təhsilə keçid heç nədən asılı olmayaraq onsuz da baş verəcək və bu addımın uğurlu olacağına əminəm”.